Şərqi Avropada közərən münaqişənin müharibəyə çevrilmə təhlükəsi yaranıb. Söhbət uzun illərdir Ukrayna torpaqlarının bir hissəsini – Krımı ilhaq edən, Luqansk və Donbas vilayətlərini isə orada yaratdığı separatçı rejim vasitəsilə de-fakto işğal altında saxlayan Rusiyanın dost Ukrayna dövlətinə qarşı yaratmış olduğu müharibə təhlükəsindən gedir. Krımı öz ərazisi hesab edən Moskva, Donbas və Luqanskda da etnik rus əhalinin guya Rusiyaya birləşmək istədiyini deyir və “həyatı təhlükədə olan rusları” qorumaq kimi cəfəng fkirlər səsləndirməklə tarixən yürütdüyü qəsbkar siyasətini bir daha nümayiş etdirir. Hər halda, ABŞ, Avropa, NATO və o cümlədən qardaş Türkiyə - bütün dünya Rusiyanın işğal siyasətinə qarşıdır və birmənalı şəkildə Ukraynaya dəstək verməkdədir. Amma dünyanı qarşısında görən Rusiya hələ də geri çəkilmir, əksinə, istər Krımda, istərsə də separatçı Donbas - Luqansk torpaqlarında hərbi varlığını möhkəmləndirir, üstəlik, Ukrayna sərhədlərinə böyük həcmdə hərbi texnika və canlı qüvvə yeridir.
Rusiya həqiqətənmi Ukrayna torpaqlarına açıq şəkildə hərbi təcavüz etmək istəyir, yoxsa hədəqorxu yoluyla özünü güclü göstərməyə çalışır? Krım Azərbaycanlıları Cəmiyyətinin keçmiş sədri, jurnalist Rəhim Hümbətovla söhbətimizdə bu suallara cavab almağa çalışdıq.
- Son məlumatlar Rusiya - Ukrayna sərhədi yaxınlığında hərbi texnika və canlı qüvvələrin çoxalmasından xəbər verir. Təəssüflər olsun ki, ölkələr arasında münaqişənin daha qaynar fazaya keçə bilməsi riskinin bu günlər çox reallaşdığının şahidinə çevrilirik.
- Mövcud təhlükənin yaranma səbəbi şərq vilayətlərdir, yoxsa Krım? Niyə soruşdum, belə xəbrlər gəzir ki, Ukrayna hökuməti Krımı işğaldan azad eləmək istəyir. Amma başqa məlumatlarda göstərilir ki, Donbas bölgəsində ukraynalı hərbçilərə atəş açılıb və ardıyla da Rusiya ordusu sərhədə yeridilib...
- Son vaxtlar Ukrayna hakimiyyəti Krımla bağlı müəyyən aktivlik nümayiş etdirir, bəyanatlar qəbul edir, sənədlər imzalayır. Bu təbii haldır. Çünki yalnız Ukrayna deyil, demək olar ki, bütün dünya ictimaiyyəti Krımı Rusiya Federasiyasının tərkib hissəsi kimi tanımır. Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməyə çalışmasında qeyri-adi heç nə yoxdur. Buna ərazi toxunulmazlığı pozulmuş hər bir dövlət çaıışır. Qeyd edim ki, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizəsinin uğurlu olması da Ukraynada müəyyən ümidlər oyadıb. Donbasda atəşkəs mütəmadi olaraq pozulur, ona görə də vəziyyətin gərginləşməsinə burada baş verən hadısələr deyil, həm Ukraynadaxili, həm də xaricdə baş verənlərin daha çox təsir göstərdiyini düşünürəm. Məsələn, ölkədə “5-ci kolon” rəhbəri sayılan, Rusiya prezidentinin “kumu” Viktor Medvedçuka və onun komandasına vurulan ağır zərbələr, Ukraynaya rəğbəti olan ABŞ prezidenti Co Baydenin Putini “qatil” adlandırması və sair.
- Yeri gəlmişkən, istər Ukraynada, istərsə də Azərbacanda çoxları bu qənaətdədir ki, Rusiya qorxuzmağa çalışsa da, Ukrayna ilə açıq müharibəyə girməyəcək. Niyə, çünki Co Bayden, nə bilim Boris Conson, NATO-filan Zelenskiyə söz verib ki, Ukraynanı müdafiə edəcəklər. Sizə elə gəlmirmi ki, Rusiyanı müharibəyə çəkmək üçün Ukraynaya tələ qurulur və sabah 2300 kilometrlik birbaşa quru sərhədə malik Rusiyanın hücumu ilə üzləşdiyi təqdirdə, Qərbin verəcəyi nə pul, nə də silah ukraynalıları qırğından, Ukrayna torpaqlarını isə işğaldan qurtarmayacaq. Məsələn, çoxdandır Krım ilhaq edilib, amma ABŞ və NATO-nun Ukraynaya dəstəyi quru bəyanatlardan o tərəfə keçməyib...
- Məsələ bu qədər də bəsit konspiroloqiya çərçivəsində deyil. Sivil dünyada heç kim müharbə olmasını, xüsusən də, Avropanin mərkəzində, istəmir. Ən azından, genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, qaçqınlar birinci olaraq Avropa ölkələrinə üz tutacaq, orada gərginlik yaradacaqlar. Krımla bağlı isə qeyd edim ki, Qərb Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib. Hansı ki, rusiyalı dövlət məmurları dəfələrlə həmin sanksiyaalrın ölkə iqtisadiyyatına böyük zərərindən danışıblar. Normal düşüncəli insanlar ümid edir ki, Qərb ölkələrinin belə demək mümkündürsə, ultimativ formada, Rusiyanın indiki zamanda Ukraynaya təcavüzünə qarşı cıxması vəziyyətin kəskinləşməsini dayandıra bilər.
- Şəxsən mənə çox maraqlıdır: Donbas-Luqansk seperatçı bölgəsi deyirik, bu ərazi Ukrayna torpaqlarının neçə faizidir, hazırda təxmini olaraq bu separatçı bölgədə nə qədər əhali yaşayır və onların neçə faizi sırf ruslardır?
- Donetsk və Luqansk vilayətinin xüsusi rayonları – Ukrayna rəsmi sənədlərində bu bölgə belə adlanır – təxminən ölkə ərazisinin bir neçə faizini təşkil edir. Əhalinin sayi 3,5 milyon civarindadır. 2001-ci ildə keçirilmiş siyahıyaalınmanın nəticələrinə görə əhalinin 50 faizdən çoxunu etnik ukraynalılar təşkil edirdi. Son vaxtlara aid isə yeni məlumatlar yoxdur.
- Bu gün belə bir xəbərlə tanış oldum ki, Rusiyada ən çox vətəndaşlıq alan əcnəbilərin siyahısında ukraynalılar birinci yerdədir. Məsələn, yalnız Ukraynadan 2020-də 170 mindən çox adam Rusiyadan vətəndaşlıq alıb. Güman edirəm ki, bunlar Ukraynada yaşayan ruslardır. Amma maraqlıdır, Ukrayna qanunlarında ikili vətəndaşlıq tanınırmı? Axı Donbas rusları Rusiya vətəndaşlığı almaqla bölgənin de-fakto Rusiyaya birləşməsinə səbəb verirlər. Abxaziya və ya Cənubi Osetiya variantları kimi. Amma ikili vətəndaşlıq verilmədiyi halda, beynəlxalq hüquqda rus pasportları işğal sayıla bilər...
- Məsələ burasındadır ki, Rusiya Federasiyasında vətəndaşlıq almağa çalışanlar yalnız ruslar deyil, aralarında etnik ukraynalılar çoxdur. Bəzi ukraynalılar özlərini rus xalqının bir hissəsi kimi qəbul edirlər. Ukrayna qanunvericiliyi ikili vətəndaşlığa icazə vermir, indi ölkədə bu məsələ ilə bağlı müzakirələr gündəmdədir. Rusiya pasportlarına gəlincə, onlar öz sənədlərini heç bir beynəlxalq hüquq normasına fikir vermədən paylayırlar.
- Qarabağın azad edilməsi zamanı Ukrayna birmənalı şəkildə bizi dəstəklədi. Biz də xalq olaraq hər zamankı kimi, bu gün də İkraynanın yanındayıq. Amma bu cür mənəvi dəstək yetərmi Ukraynaya? Sizcə, ölkələrimiz bu haqq işində hansı formada əməkdaşlıq edə, bir-birini dəstəkləyə bilər? Yəni amma elə edək ki, Moskvanın qəzəbi tutmasın...
- Əlbəttə, Ukrayna istəyərdi ki, Azərbaycan bu ölkənin ərazi bütövlüyünü daha aktiv olaraq dəstəkləsin. Necə ki, azərbaycanlılar bu yolda hamıdan yardım gözləyirdilər. Yəqin ki, Ukraynada daha kiçik ölkə olan Azərbaycanın belə olduğu təqdirdə hansı problemlərlə qarşılaşacağını təxmin edə bilirlər. Lakin sübhəsiz, edilən təzyiqlərə baxmayaraq, Azərbaycan digər ölkələrin ərazi bütövluyunə hörmət göstərir və bunu Ukrayna da hiss edir. Burada söhbət, həmçinin, qeyri-publik dəstəkdən də gedir.
- Son olaraq deyin: ümumiyyətlə, Rusiya Ukraynaya hərbi hücum edəcəkmi – açıq müharibə başlayacaqmı?
- Təəssüflər olsun ki, müharibə hər gün davam edir. Bir neçə gün öncə 4 ukraynalı döyüşçü atəşkəsin pozulması nəticəsində həlak oldu. Demək olar ki, hər gün atışmalar baş verir. Düşünürəm ki, kollektiv Qərb Ukraynaya müharibə başlayacağı təqdirdə tam və qəti yardım göstərəcəyini birmənalı şəkildə bəyan etsə, hərbi gərginliyin qarşısını almaq üçün böyük şans yaranmış olar.